Qara, yoxsa qızıl?! Bu il neft bizə “sürpriz” edə bilər | TƏHLİL

      Qara, yoxsa qızıl?!    Bu il neft bizə “sürpriz” edə bilər    | TƏHLİL
  09 Yanvar 2024    Oxunub:6223
2024-cü ildə dünya iqtisadiyyatında vəziyyətin necə olacağı hər bir ölkə üçün maraqlıdır. Söhbət ilk növbədə bir sıra strateji məhsullar üzrə qlobal bazarlardakı vəziyyətdən gedir. İl ərzində ehtimal edilən bir sıra mümkün təhdidlərə baxmayaraq, sabitliyin möhkəmlənəcəyi gözlənilir.
Ötən ilin sonlarında ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini dəyişməyərək sabit, yəni 5,25-5,50% aralığında saxladı. Çünki ABŞ dolları kifayət qədər möhkəmdir və onun dəyərini müəyyən edən əsas amillərdən biri olan xam neftin qiyməti əvvəlkitək bahalaşmağa deyil, ucuzlaşmağa meyil göstərir.

Ümumiyyətlə, FES-ə hazırda dolların alıcılıq qabiliyyətinin aşağı olması vacibdir, nəinki yuxarı. Neftin ucuzlaşmağa meyl etməsi bunu stimullaşdırır. Üstəlik, ABŞ iqtisadiyyatının özündə də vəziyyət kafidir: iqtisadi artım qənaətbəxş vəziyyətdədir, inflyasiya əvvəlkitək yüksəlməyə doğru getmir, məşğulluq səviyyəsi narahatedici deyil... Odur ki, dolları bahalaşdırmağa lüzum yoxdur.

Ötən il baş verən bütün keşməkeşli hadisə və proseslərə rəğmən, ABŞ iqtisadiyyatı yenə güclü olaraq qalır. ABŞ iqtisadiyyatı Avropa və Şərqi Asiya ölkələri ilə müqayisədə rəqabət qabiliyyətli olduğunu bir daha nümayiş etdirdi. Belə görünür, bu, hələ uzun müddət davam edəcək. Yəni, ABŞ iqtisadiyyatı nömrə 1 olaraq qalacaq.

Bu il ərzində FES-in uçot dərəcəsini mərhələli endirəcəyi gözlənilir. Bu da qlobal iqtisadiyyatda Amerika valyutasının aparıcı rolunu artırmağa kömək edəcək. Beləliklə, enerjidaşıyıcılarından asılı ölkələr 2024-cü il ərzində müəyyən çətinliklərlə üzləşməli olacaqlar. Problem bax, bunda ola bilər...

Neftin 80 ABŞ dollarından aşağıda olan qiyməti 2024-cü il ərzində bir az da ucuzlaşa bilərmi? Məsələ bundadır ki, il ərzində qlobal maliyyə və iqtisadi sistem üçün mümkün təhdidlərin sırasında neft məsələsi yoxdur. Ən böyük təhlükə kimi qlobal istiləşmə, iqlim dəyişiklikləri, quraqlıq və digər təbii fəlakətlər götürülür. Lakin dünyada borclanma da yaxşı səviyyədə deyil. BMT-nin qiymətləndirməsinə görə, bu sahədə göstərici qlobal ÜDM-in 91%-nə çatıb. Ən yüksək borc və büdcə çatışmazlığı da ABŞ ilə Avropa Birliyinə (AB) məxsusdur. Hər ikisində mövcud yüksək faiz dərəcələri şəraitində borclara xidmət göstərmək qeyri-mümkün hesab edilir.

Onların borcu boş yerə yaranmayıb. Pandemiya Amerika hökumətini biznesi və əhalini dəstəkləmək üçün izafi emissiya və çoxlu həcmdə istiqrazlar alınması siyasətinə sürükləmişdi. Eyni addımı AB də atmışdı. Odur ki, artıq 2021-ci ilin martın sonuna ABŞ-ın dovlət borcu 28 triliyona çatmaqla ÜDM-in 101%-ni təşkil etdi. Az sonra isə AB də bu sahədə öz ÜDM-ni keçdi.

Ona görə də hazırda bütün mərkəzi banklar uçot dərəcələrini tədricən endirməyi planlaşdırırlar. Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyəti dekabrın 14-də keçirilən iclasında faiz dərəcələrini dəyişməyib. Baza faiz dərəcəsi 4,5%, marjinal kreditləşmə dərəcəsi 4,75%, depozit dərəcəsi isə 4%-də qalıb.

Sözün qısası, il ərzində faiz dərəcələrinin endiriləcəyi təqdirdə neftin qiyməti ucuzlaşa bilər. Buna əsasən ABŞ dolları rəvac verəcək. Neftin bir barrelinin qiyməti 50 ABŞ dollarından aşağı olarsa, iqtisadiyyatımız uzun müddət buna tab gətirməyəcək, artım durğunluqla üzləşəcək, makroiqtisadi amillər titrəməyə başlayacaq.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti hazırda 78-79 dollar civarındadır. Dövlət büdcəmizdə bu rəqəm 60 ABŞ dollarından götürülüb.

Yeri gəlmişkən, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yuxarı qiymətisə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu rəqəmlərin nə vaxtsa yenidən təkrarlanacağı gözlənilməsə də, görünən bu idi ki, beynəlxalq bazarlarda konyunktur vəziyyət karımıza gəlir. Yaxşı olardı, bu, hələ bir müddət də davam etsin.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Neft  





Xəbər lenti